ALLAH RIZASI ÜÇÜN SEVMƏK

Bütün həyatlarını Allaha həsr edən və qəlbən Ona təslim olan möminlərin dünyadakı yeganə məqsədləri Allahın razılığını, rəhmətini və cənnətini qazanmaqdır.
 
"De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (Ənam surəsi, 162) 

ayəsində bildirildiyi kimi, möminlər hər davranışlarında və hər işlərində Allahın razılığını qazanmağı hədəf seçirlər. Möminlər sahib olduqları hər şeyi Allahın razılığını qazanmağa sərf edir və sevgilərini də ancaq Allaha həsr edirlər. Allahı bütün sifətləri ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, Rəbbimizin rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyunca hər an hiss edən bir möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə edilməyəcək dərəcədə güclüdür. Allah Bəqərə surəsində möminlərin Özünə olan güclü sevgisi ilə müşriklərin sevgi anlayışları arasındakı fərqi belə bildirir:
 
İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.... (Bəqərə surəsi, 165)

Ayədə bildirildiyi kimi, insanların bir qismi Allaha ortaq qoşur və digər varlıqları  Allahı sevdikləri kimi sevirlər (Allahı tənzih edirik). Möminlər isə heç bir insanın, maddənin və ya  canlının həqiqətdə özünə aid bir gücü, ya da gözəlliyi olmadığını bilirlər.
Bunların hamısını sahib olduqları bütün xüsusiyyətləri ilə birlikdə yoxdan yaradan ancaq Allahdır. Heç bir canlı öz gözəlliyini meydana gətirə bilməz. Bir insanın üzündəki gözəlliyi və ya bir heyvanın sahib olduğu sevimliliyi müəyyən bir ömürlə yaradan və əcəlləri gəldiyində hamısını yox edəcək olan Allahdır, hər gözəllik yalnız Allahın hakimiyyətindədir.
Bu səbəbdən mömin qarşılaşdığı  bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allahın yaratdığını dərk edərək sevir. Onun əsl sevgisi bütün bu gözəllikləri ona verən və hər şeyin sahibi olan Allaha yönəlmişdir.
Peyğəmbərimiz də möminlərə bir-birlərinə qarşı duyduqları sevginin Allah rizası üçün olmasının gərəkli olduğunu xatırlatmışdır:
Hz. Əbu  Zərr (radiallahu ənh) izah edir: "Rəsulullah (s.ə.s) buyurdu ki: "Əməllərin ən fəzilətlisi Allah üçün sevmək, Allah üçün nifrət etməkdir." (Kutubu Sittə, X cild, s. 140; Əbu Davud, Sünnə 3, 4599)
"İman bağlarının ən möhkəmi Allah üçün dostluq, Allah üçün düşmənlik, Allah üçün sevgi, Allah üçün nifrətdir." (Kutubu Sittə, 10-cu cild, s. 141)
Allaha ortaq qoşan şəxs bir insanın gözəlliyini tərifləyərkən bu gözəlliyin o adama aid olduğunu sanır. Bu, bir rəsm sərgisinə gedən və bəyəndiyi bir tablonun gözəlliyinin o tabloya aid olduğunu sanaraq həmin tablonu tərifləyən insanın vəziyyətinə bənzəyir. Halbuki əsl təriflənməsi lazım olan tablonu çəkən rəssamdır. Bu səbəbdən, bir insan bəyəndiyi bir gözəlliklə qarşılaşdığında, xoşuna gələn bir səs eşitdiyində, bir yeməkdən zövq aldığında dərhal bu gözəllikləri yaradan Rəbbimizi düşünməli, sevgisini, məmnuniyyətini və şükrünü ONA yönəltməlidir. Allaha şirk qoşmadan iman edənlər sahib olduqları hər şeydə Allaha borclu olduqlarını bildikləri üçün Allaha çox güclü bir sevgi ilə bağlıdırlar.
Allah Quranda Hz. İbrahimin müşrik olan qövmünə belə səsləndiyini bildirir:
(İbrahim onlara) dedi: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!” (Ənkəbut surəsi, 25)
Ayədə bildirildiyi kimi, Allaha ortaq qoşanların dünya həyatında bir-birlərinə duyduqları bağlılıq axirətdə böyük bir nifrətə çevriləcək. Bunun səbəbi Allahı unudaraq bir-birlərini həyatlarının ən böyük məqsədi  hesab etmələridir. Allah bunun əvəzində bu insanların  şirk içindəki sevgi və bağlılıqlarını axirətdə sonsuza qədər davam edən kin və nifrətə çevirəcək.
Quranda dünya həyatına aid malı, ya da insanların sevgisini qazanmağı Allahın rizasından  daha üstün tutan insanlar belə xəbərdar edilir:
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz! (Tövbə Surəsi, 24)
İman edənlər dünya həyatının bəzəklərinin Allaha aid olduğunu bilir və bunları ancaq Allahın təcəllisi olaraq sevirlər. Məsələn, möminlərdə Allahın bəyəndiyi gözəl əxlaq təcəlli etdiyi üçün ən çox sevgi, yaxınlıq və dostluğu möminlərə qarşı duyurlar. Bu sevgi soy, irq kimi yaxınlıqlara, ya da hər hansı bir mənfəətə əsaslanmır. Pulun, mövqeyin, mədəniyyətin və ya maddi dəyərlərin də heç bir əhəmiyyəti yoxdur. Allah möminlər arasındakı bu sevgini Quranda belə bildirir:
Onlardan (mühacirlərdən) əvvəl yurd salmış və iman gətirirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr Surəsi, 9)
Ayədə bildirildiyi kimi, möminlər iman edən hər kəsi öz qardaşları kimi qəbul edirlər. Bir başqa möminin yaxşılığını, rahatlığını təmin etmək üçün heç bir fədakarlıqdan çəkinmirlər. Möminlərin bu sevgi anlayışı isə ancaq imanın və Quran əxlaqının yaşanması ilə qazanıla bilər.
Peyğəmbərimiz sevginin əhəmiyyətini və həqiqi sevgini yaşayan möminlərin üstünlüklərini bir hədisində belə ifadə etmişdir:
Hz. Ömər (radiallahu ənh) izah edir: "Rəsulullah (s.ə.s.) buyurdu ki: "Allahın qulları  arasında bir qrup var ki, onlar nə peyğəmbərlərdir, nə də şəhidlərdir. Üstəlik qiyamət günü  Allah qatındakı  mövqelərinin ucalığı səbəbi ilə peyğəmbərlər də, şəhidlər də onlara qibtə edərlər. "Orada olanlar soruşdu: "Ey Allahın Elçisi! Onlar kimdir, bizə xəbər ver!" "Onlar aralarında nə qan qohumluğu, nə də bir-birlərinə bağışladıqları  bir mal olmadığı halda Allahın adına bir-birlərini sevənlərdir. Allaha and içirəm, onların üzləri mütləq nurludur. Onlar bir nur üzrədirlər. Xalq qorxarkən, onlar qorxmazlar. İnsanlar kədərlənərkən, onlar kədərlənməzlər. (Kutubu Sittə, 3345)
Sevgi kimi böyük bir neməti möminlərə bəxş edən isə Rəbbimiz olan Allahdır. Allah Hz. Yəhyaya Öz Qatından bir sevgi həssaslığı verdiyini belə bildirir:
“Ey Yəhya! Kitabdan bərk yapış. Biz uşaq ikən ona hikmət verdik. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi. (Məryəm Surəsi, 12-13)
Bir başqa ayədə isə Allah iman edib yaxşı işlər görənlərə Öz Qatından bir sevgi bəxş edəcəyini xəbər vermişdir:
Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq. (Məryəm Surəsi, 96)
Burada çox əhəmiyyətli bir mövzunun üzərində dayanmaq lazımdır. Allahın razılığına görə sevən bir insan ən gözəl əxlaqlı, Allaha ən çox bağlanan, ən təqva sahibi olan kimsəni hər kəsdən çox sevər. Bu səbəblə Peyğəmbərimiz (s.ə.s.) bütün möminlər üçün ən sevimli və ən yaxın dostdur. 

HƏQİQİ SEVGİ QURAN ƏXLAQI İLƏ BİRLİKDƏ YAŞANIR

Allaha könüldən bağlanan və Allahı çox sevən bir insan Onun yaratdığı bütün gözəlliklərə qarşı ürəyində bir sevgi hiss edir, çiçək, kəpənək, quş, pişik və ya gözəl bir mənzərə belə adama daxilən böyük bir həyəcan verir. Eyni zamanda, gözəl xasiyyətli, gözəl üzlü insan da ürəkdə səmimi bir heyranlıq meydana gətirir. Çünki  insanın bütün bu gördükləri Allahın təcəlliləridir. Allaha duyulan coşğulu sevgi, Onun sonsuz gözəlliyinin, sənətinin, ağlının və gücünün təcəlli etdiyi hər şeyə qarşı insan ruhunda təbii bir sevgi və məhəbbət meydana gətirir. Bu səbəblə Allaha könüldən bağlanan insanlar həqiqi sevgini yaşaya bilən yeganə insanlardır.
Quran əxlaqı isə həqiqi sevginin bünövrəsini təşkil edir. Bir insanı əxlaqı ilə, şəxsiyyəti ilə və sahib olduğu bütün xüsusiyyətləri ilə dərindən sevmək ancaq həmin adamın Qurana tabe olması ilə mümkündür.
Çünki Qurana tabe olan insan Allahın bəyəndiyi əxlaqı yaşamaqla seviləcək gözəl xüsusiyyət qazanır. Allahın "...Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır! (Məryəm Surəsi, 76) hökmünü bilərək bütün bu gözəl əxlaq xüsusiyyətlərində bir ömür boyunca səbr və ötkəmlik göstərir: vəfa, sədaqət, hörmət, sevgi, təvazökarlıq, fədakarlıq, dürüstlük, xoş münasibət, bağışlama, mərhəmət, həlimlik, cəsarət, ötkəmlik kimi xüsusiyyətlər ancaq Allah qorxusunun və Quran əxlaqının yaşanması ilə mümkündür. Bu,  möminin sevgidə də bir ömür boyunca səbr və dayanıqlılıq göstərməsini təmin edir. Möminin sevgisinin təməli imana, Allah qorxusu, Allah rizası və Quran əxlaqına əsaslandığı üçün çox güclü və dərindir. İman edənlərlə yaşadığı dostluğun axirətdə sonsuza qədər davam edəcəyini  bilməsi də sevgini güclü və daimi edən başqa səbəbdir.
Qurana tabe olan bir insanın yaşadığı bu üstün əxlaq onu həm Allah Qatında, həm də möminlərin gözündə çox qiymətli bir varlıq edir. Qurana tabe olan təqva sahibi mömin hər şeydən əvvəl Allahın sevgisini və razılığını  qazanacağına ümid edir. Allah sevdiyi qulunu digər möminlərə də sevdirir, ona Öz Qatından bir nur, gözəllik verir və insanların ürəklərinin ona qarşı istiləşməsini təmin edəcək xüsusiyyətlər qazandırır.
 

QADIN İLƏ KİŞİ ARASINDA ŞİRKƏ ƏSASLANAN SEVGİ

Şirkə əsaslanan sevginin nümunələri qadın ilə kişi arasındakı əlaqələrdə daha çox görünür. Bəzi insanlar Allaha qarşı duyacaqları sevgini və bağlılığı heç nəyə gücü çatmayan aciz varlıqlara yönəldirlər. Bəzən bir insanı həyatlarının əsl məqsədi hesab edir, hər an - hər yerdə onun adını xatırlayır, onu ucaldır və onun sevgisini qazanmağa çalışırlar. Səhər qalxdıqları andan etibarən gün ərzində o adamı düşünür, ya da o kimsəni düşündüyündən səhərə qədər yuxusuz qalırlar. Allahın razılığını qazanmaq yerinə yalnız onu məmnun etməyi düşünür, hətta bəzən o adamı razı etmək üçün Allahın razılığına uyğun olmayan işlər görürlər. Onun üçün hər cür fədakarlığı nəzərə alır, amma Allahın razılığını qazanmaq üçün səy göstərmirlər. Onlar sanki bir-birlərini "ilah" edirlər. Belə ki, sevgini izah edən bəzi şerlərində, yazılarında, ya da romantik söhbətlərində "tapmaq-tapınmaq" sözlərinə çox geniş yer ayırırlar.
Bu cür sevgi anlayışının təməli Allaha şirk qoşmaqdır. Allah bir ayəsində cahiliyyə inancına sahib olan insanların yaşadığı bu şirk sevgisinə diqqət çəkmiş, Allaha duyulan həqiqi sevginin daha üstün gücə sahib olduğunu və daha qüvvətli bağlılıq ilə yaşanacağını bildirmişdir:
... ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin!.. (Bəqərə surəsi, 200)
Allah sevgisi bütün sevgilərdın üstündür. Allah sevgisini ürəkdən çıxarıb onun yerinə qoyulan bir sevgi insanın Allaha şirk qoşmasına səbəb olur və bu da insanı cəhənnəmə apara bilər. Ancaq insanların bir qismi belə bir təhlükədən xəbərsizdirlər.
Bir insanın başqa insanları sevməsi, onlara düşkün olması, ailəsini, yaxınlarını sevgi ilə qoruması əlbəttə çox gözəl əxlaqdır. Daha əvvəl də ifadə edildiyi kimi, sevgi Allahın insanlara verdiyi çox gözəl nemətdir. Ancaq bu sevgi yalnız Allahın razılığı üçün yaşandığında insana dünyada və axirətdə xoşbəxtlik gətirər. Allahdan üstün tutulan sevgilər insana dünyada da, axirətdə də acı və əzab verər. Allah dünyada bir-birlərini şirk qoşan insanların axirətdə cəhənnəm əzabından xilas ola bilmək üçün bir-birlərini fidyə olaraq vermək istədiklərini belə bildirir:
Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin (fidyə versin) öz oğullarını; Övrətini və qardaşını; ona sığınacaq verən əşirətini; Və yer üzündə olanların hamısını – təki özünü  qurtarsın! (Məaric Surəsi, 11-14)
O gün insan qaçacaq öz qardaşından; Anasından, atasından; Zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Əbəsə Surəsi, 34-37)
 

MƏNFƏƏTƏ ƏSASLANAN DOSTLUQLAR

Bir çox insan qəbul etmək istəməsə də, bəzi insanlar münasibətlərində mənfəət axtarırlar. Bu qəbildən olan insanlar özlərinə mənfəət verə bilən bir insanla qarşılaşdıqlarında hiss etdikləri həyəcanı "sevgi" hesab edirlər. Halbuki ürəklərində hiss etdikləri həyəcan bu insanın özünə deyil, onun sahib olduqlarına qarşı duyduqları "ehtiraslı bir həvəsdir". Belə ki, bir çox insanın qarşısındakı adama olan sevgisi bu insanın sahib olduğu mülkə və sərvətin dərəcəsinə bağlı olaraq dəyişir. Zənginlik insan nəfsində həyəcan meydana gətirdiyi üçün həyəcan da zəngin olan adama qarşı duyulur.
Ancaq yuxarıda da ifadə etdiyimiz kimi, bu hiss sevgi deyil, yalnız dünya malına qarşı duyulan ehtirasdır. Zəngin olan bir adamın əxlaqi xüsusiyyətləri bu dünyagörüşə sahib olan insanlar üçün əhəmiyyət daşımır. Bu səbəbdən əsəbi, kobud, eqoist, ağılsız, mərhəmətsiz, mənfəətçi, səmimiyyətsiz, düşüncəsiz olsa belə, zəngin və ya şöhrətli olması bu adama maraq göstərilməsi üçün kafi olur.
Bəzi insanlar isə onları əyləndirən insanlarla birlikdə olmaq istəyirlər və "mənimlə yoldaş  olacaq adamın məni güldürə bilməsi lazımdır" kimi mülahizələr yürüdərək bunu etiraf edirlər. Bu səbəbdən, belə yaxınlıq da sevgiyə əsaslanmır, yalnız bir mənfəətdən ibarət olur. İnsanın nəfsi gülmək istədiyi üçün özünü güldürəcək biri ilə birlikdə olmaqdan zövq alması onu sevdiyini bildirməz. Lakin bir çox adam mənfəət əldə etməkdən duyduqları bu rahatlığı sevgi ilə qarışdırır və bu insanı çox sevdiyini iddia edirlər.
Bəziləri isə gözəl insanlarla birlikdə görünmənin özlərinə etibar qazandıracağına inanırlar. Bu səbəbdən gözəl insanları özlərinə yoldaş seçirlər, ölçüləri qarşılarındakı adamın boyu, gözünün və saçının rəngi, burun quruluşu kimi fiziki xüsusiyyətlər olur. Gözəllik olduqdan sonra o insan üçün bu adamın ağlı, vicdanı və ya insani xüsusiyyətləri heç bir əhəmiyyət daşımır. Belə sevgi bu insanlar üçün "bu adamın gözəlliyinin mənə qazandırdığı etibarı sevirəm" mənasını  daşıyır. Gözəllik getdiyində isə həmin adamın ruhu bu şəxs üçün heç bir əhəmiyyət kəsb etmir. Qarşısındakı adam gözəl olduğu üçün onun mərhəmətsizliyini, incə düşüncəli olmamasını, ya da insanlara qarşı təkəbbürlü olmasını görməməzliyə vurur.
Bəzi insanların ən əhəmiyyətli gördükləri mənfəətlərdən biri isə öz ifadələri ilə desək, "həyat zəmanəti" əldə etməkdir. Bir çox insanın gələcəyini zəmanət altına ala bilməməsi, tək yaşamaq məcburiyyətində qalması, iqtisadi baxımdan möhtac olması, xəstələndiyində özünə baxacaq birini tapa bilməməsı kimi narahatlıqları vardır. Bəziləri bu vəziyyətdən çıxış yolu olaraq evliliyi görürlər. Bu səbəbdən də bu xüsusiyyətlərə sahib olduğunu düşündükləri adama bağlanır və onu itirmək istəmırlər. "Gələcək qorxusu" üzərinə qurulan bu birliyi isə çox vaxt həqiqi sevgi zənn edirlər.
Həyatları boyunca bu adamın xoşlanmadıqları şeylərə yalnız bu narahatlıqları üzündən dözmək məcburiyyətində qalırlar. Qonşuları, ya da yoldaşları ilə dərdləşir, vəziyyətlərindən şikayətlənirlər, amma soruşulduğunda yalnız mənfəət gözlədiklərindən yoldaşlarını çox sevdiklərini söyləyirlər. Halbuki Quran əxlaqına uyğun olaraq yaşanan həqiqi sevgidə heç bir şəkildə bir qarşılıq gözləməsi mümkün deyil. İnsan qarşısındakını mənfəət gözləmədən o adamda Allahın təcəllilərini gördüyü  üçün, böyük bir fədakarlıq və coşğu ilə sevir. Onun əleyhinə heç bir zaman söhbətlər etmir. Səmimi sevgisindən dolayı ancaq onu tərifləyən, qoruyan söhbətlər edir. Ona qarşı heç bir zaman zorakı bir dözüm içində olmur, acizlikləri, ya da əksiklikləri ilə qarşılaşsa belə, ona qarşı şəfqət və mərhəmət duyur, əksiklərini səssizcə, hiss etdirmədən bağışlamağa çalışır, hər an onu rahatlatmaq istəyir, hər istədiyini zövqlə və şövqlə yerinə yetirir. Səmimi sevgisini, dostluğunu və yaxınlığını ən gözəl şəkildə ifadə edir.
 

QISA MÜDDƏTLİ VƏ MÜVƏQQƏTİ SEVGİLƏR


Qurana əsaslanmayan sevgilər qısa müddətdə bitir. Tərəflərdən biri qarşısındakından ümid etdiyi mənfəətləri əldə edə bilməyəcəyini gördüyündə əvvəl duyduğu həyəcan dərhal bezginliyə çevrilir. Eyni şəkildə, bir acizliyini gördüyündə, ya da bir xəstəliyinə şahid olduğunda o adam onun üçün artıq dözülən  bir insana çevrilir. Xüsusilə də, bu adamın görünüşündə bir dəyişiklik olsa, məsələn, bir qəza nəticəsində üzündə izlər qalsa, bu, o insan üçün sevginin sonu deməkdir. Buna bir çox insan ətrafında baş verən hadisələrdə və ya mətbuatda izləyə biləcəyi xəbərlərdə rast gələ bilər. Çox yaxşı olan bir evlilik kimi göstərilən əlaqələrin bitmə səbəbləri xəstəlik, acizlik və ya iflasdır. Yoldaşı çox gözəl və ya zəngin olsa da, onun xəstəliklə əlaqədar acizliyini gördüyü üçün aralarındakı sevginin bitdiyini söyləyən və bu səbəblə bir-birlərindən ayrılan bir çox cütlük vardır.
Eyni şəkildə, zəngin və varlı günlərində çox yaxşı razılaşdıqlarını düşünən bəzi insanlar mal varlıqlarını itirdikləri zaman özlərinə göstərilən sevgi və yaxınlığın da bir anda sona çatdığını görürlər.
Halbuki həqiqi sevgi gün keçdikcə artar, əsla azalmaz. Qarşısındakı adama əxlaqı üçün dəyər verən bir insan bu əxlaqın incəliklərini gördükcə ona olan sevgisini daha da artırar. Bu insanın bir qəza nəticəsində şikəst qalması, bütün sərvətini itirməsi, bədənini yaraların örtməsi və ya buna bənzər bir çətinliyə düşməsi sevgisinə heç bir şəkildə təsir etməz. Hətta bu çətinliklər qarşı tərəfin təvazökarlığını artıra biləcəyi və o adamı daha gözəl əxlaqlı bir insan edəcəyi üçün sevgisi daha da güclənə bilər. Bu cür hadisələrin sevgiyə təsir etməməsinin səbəbi həmin adamın duyduğu həqiqi sevginin Quran əxlaqına əsaslanmasıdır. Bir insanın Allahdan qorxub-çəkinməsi, hər an Onun razılığını axtarması və Quran əxlaqını ən gözəl şəkildə yaşaması sevgini meydana gətirən əsl səbəblərdir. Bu səbəblə Quran əxlaqını yaşayan insanlar arasındakı sevgi bu cür hadisələrdən heç bir şəkildə təsirlənməz, hətta daha da güclənərək artar.
 ... Siz puç dünya malını istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Ənfal Surəsi, 67)