Allaha könüldən yönələn, Onun yolunda olan hər insan Rəbbimizin özünü qoruduğuna, Onun müşahidəsinə hər an şahid olur. Allah, səmimi olaraq edilən, haramdan çəkinilən və halala uyğun olan hər işdə möminlərin yolunu açır; onlara asanlıq verir. Allah, Quranın bir çox ayəsində möminlərə mütləq kömək edəcəyini, onları qoruyacağını və daim üstün edəcəyini vəd edir. Allah bu ayələrdən birində belə buyurur:
... Möminlərə yardım etmək Bizim borcumuz idi. (Rum Surəsi, 47)
Allahın hər an köməyiylə dəstəklədiyi ən gözəl nümunələrdən biri Hz. Musadır. Hz. Musa, yaşadığı şəhərdən qaçdıqdan sonra, Allaha
"... Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”." (Qəsəs Surəsi, 24)
deyərək dua etmişdir. Allah onun duasını qəbul etmiş və onu  bir tayfayla görüşdürmüşdür. Bununla Hz. Musa, etibarlı insanların yanında yaşamaq və işləmək imkanı əldə etmişdir.
Allah, Hz. Musaya peyğəmbərlik verdikdən sonra, Hz. Musanın istəyi ilə onu qardaşı Hz. Harun ilə dəstəkləyərək gücləndirmişdir. Firon və ordusu Hz. Musa və Hz. Harunu təqib etdiyi zaman, Allah yenə onlara kömək etmişdir. Allah, dənizi yararaq, Hz. Musa və yanındakılara keçə biləcəkləri bir yol açmış, Firon və ordusunu isə suda boğmuşdur. Allah Hz. Musa və Hz. Haruna olan köməyini Saffat surəsində belə bildirir:
Biz Musa ilə Haruna da nemət bəxş etdik. Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq. Onlara kömək göstərdik və qalib gəldilər. (Saffat Surəsi, 114-116)
Allah, Hz. Nuha da kömək etmiş, qövmünə gələcək bir tufandan onu və digər inananları qorumaq üçün, Hz. Nuha bir gəmi inşa etməsini vəhy etmişdir. Allah, Hz. İsanı isə, çarmıxa çəkib öldürülmək istədikləri zaman, Öz yanına qaldıraraq qorumuşdur. Allah, Hz. Yusufu zindandan qurtarmış, ona mövqe və məqam nəsib etmişdir. Rəbbimiz, Peyğəmbərimiz Hz. Məhəmmədə ( səv) də daim kömək etmiş, onun üzərindəki yükü yüngülləşdirmişdir. Allah, Quran ayələriylə Peyğəmbərimizin (səv)  vəlisi, qoruyucusu və köməkçisi olduğunu müjdələyərək möminlərin ürəklərinə hüzur və etibar duyğusu vermişdir.
Allahın, iman edənlərə olan köməyini müjdələdiyi ayələrdən bəziləri belədir:
De: “Əgər Allah sizə bir pislik (etmək) istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq (etmək) istəsə, (Ona kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər. (Əhzab Surəsi, 17)
Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Mömin Surəsi, 51)

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”. (Saffat Surəsi, 171-173)
Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər. (Məhəmməd Surəsi, 7)
İnsan hər anında Allaha möhtacdır. Heç bir insanın, Allahın xaricində bir köməkçisi yoxdur. Hər hansı bir çətinliklə qarşılaşdığında ona kömək edə biləcək yalnız Allahdır. Allah, insanlara rəhmət olaraq, dünya həyatında qarşılaşa biləcəkləri çətinlikləri dəf edə bilmələri üçün çoxlu nemətlər yaratmışdır. İnsanın bu nemətlərdən faydalanarkən, bunları müstəqil güc sahibi varlıq olaraq düşünməsi böyük bir səhv olar. Çünki gerçəkdə bütün bunları yaradan Allahdır və hər biri ancaq Allahın diləməsiylə insanlar üçün nemətə və rəhmətə çevrilir. Məsələn, xəstəliyi üçün həkimdən kömək istəyən insana, gerçəkdə bu köməyi edəcək olan yalnız Allahdır. Həkim isə ancaq Allahın diləməsiylə insana şəfa verə bilər. Eyni şəkildə haqqını qoruması üçün özünə vəkil tutan kimsənin də əsl vəkili ancaq Allahdır. Vəkil ancaq Allahın diləməsiylə insanın haqqını qoruya bilər, ya da onun adına ədaləti təmin edə bilər. Gerçəkdə isə hadisələri ən gözəl şəkildə nəticələndirən və insana nemətini verən yalnız Allahdır.
Hər işində daim Allaha yönələn, yalnız Rəbbimizi vəkil edən insanın tək dostu və köməkçisi Allahdır. Allah, möminlərə dilədiyi yollardan köməyini çatdırır. Bu gerçəklərin fərqində olan insan, heç zaman insanlardan və ya başqa güclərdən nəsə gözləmir. Bütün köməyin Allahdan gəldiyini bilir, hər şeyi Allahdan istəyir. Bir uğur qazandığında, üstün gəldiyində, xeyrinə olan bir işlə qarşılaşdığında dərhal Allaha yönəlib şükr edir, köməyinə görə Allaha minnətdarlıq edir. Həyatı boyu Allahın köməyini və dəstəyini gördüyü və bütün bu hadisələri yaradanın Allah olduğunu bildiyi üçün yalnız Rəbbimizə minnət duyur və Ona səmimi və coşğulu bir sevgiylə bağlanır. Allah, insanların gerçək dostunun və köməkçisinin ancaq Özü olduğunu Quranda belə xatırladır:
... Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir? Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır. (Bəqərə Surəsi, 106-107)
           

0 коммент.:

Отправить комментарий